6.03.2016

Giriş Qadağandır. ( III Hissə)


Hər şey dumanlı bir cümə günü başladı.Şiddətli ildırım çaxır, yağış bir saniyə olsun səngimək bilmirdi.Günorta vaxtı olmasına baxmayaraq sankı hava qaralmış bu hüznlü mart gününü öz tutqun aurasına qərq etmişdi.
      Kitabxanadan çıxıb evə doğru addımlamağa başladım.Nədənsə yağışı heç sevməzdim.Xüsusən də yaz aylarında onun tamam özgə bir qəddarlıqla yağdığını hiss edirdim.Lakin belə havalarda küçədə heç kimin olmamağı xüsusiylə zövqümü oxşayırdı.
     Özünəqapalı insanların hər zaman sakitlikdə uzun yollar getməyə ehtiyacı olur.Mən də o insanlarda biriyəm.Odur ki, bu bədbin yağışa dözərək yolumun uzadıb geniş Meydana doğru üz tutdum.
      İnsan həyatda uşaqlıq illərinə qayıtmaqdan, o qayğısız günlərin bütün həyəcanını qəlbində hiss etməkdən daha çox nə istəyə bilər ?! Bəlkə də elə o səbəbdən ayaqlarım hər fürsətdə məni bura gətirirdi.Üzərinə xatirələr hopmuş bu geniş meydan dəfələrlə yenilənsə də o xatirələr üzərindən silinmir, əksinsə uzaqlaşdıqca daha da çox işıq saçmağa başlayırdı.Taxta skamyalarından yağış süzüldükcə yadıma nənəmin qayğı dolu təbəssümü düşürdü.Rəhmətlik necə də səmimi və şən qadın idi.Kaş ki, mən də onun qədər möhtəşəm ola bilsəydim.

      Bu qəribə düşüncələrlə islanmış halda skamyada oturub şəhərin səssizliyini izləyirdim.Həyatımın ən dəyərli xatirələri gözlərim önündə canlanır, sonra külək onları alıb heç vaxt ayaq basmadığım özgə diyarlara aparırdı.Meydanda bu gün heç kim yox idi.O da mənim kimi tənha, öz içinin boşluqlarında kölgə kimi səndəlləyərək yeriyən bir qarabasmanın xatirələrinə evsahibliyi edirdi.
      Qəflətən dumanın içindən bir qaratı peyda oldu.O, sankı həzin bir melodiyanın ortasına atılmış ağır bir akord kimi sürətlə irəlləyirdi.Sakitliyin pozulduğunu anlayan kimi tezliklə qaçıb oradan xilas olmaq istədim. Mən sürətlə əks istiqamətə doğru gedir, bu qəribə kölgənin tamamiylə gözdən itməsini bütün qəlbimlə arzulayırdım.Lakin mən ondan uzaqlaşdıqca sankı ona doğru addımlayırmış kimi daha da yaxınlaşır, gözdən itmək istədikcə əksinə gözə batmaqdan başqa bir şey edə bilmirdim.Duman çox qatı və dəhşətli idi.Kütlənin içində əriyib yox olmaq arzusu içimdə alovlanarkən iki addımlığımı görməkdə çətinlik çəkirdim.
       Ruhu az da olsa mənə bənzəyən insanlar yalnız o an nələr hiss etdiyimi tam dəqiqliklə anlaya bilərdilər.Yağışın səsi ürək döyüntülərimə qarışır, özümü sakitləşdirməyə çalışdıqca əksinə daha da həyəcanlandırıb istiqamətimi itirirdim. Bir anlıq yolun ortasında dayanıb gözlərimi yumdum, qəribə bir təlaşın mənə hakim kəsildiyinin fərqində idim.Lakin sakitləşmək üçün bir çıxış yolu mütləq tapılacaqdı.
     Bu uzun, dolanbaclı yollar məni hara aparırdı...?! Mən kim idim? Bu dünyaya niyə gəlmişdim? Anlamırdım.Bu elə bir qəribə gün idi ki, sanki mən uzaqlaşdıqca bütün evlərin pəncərələrindən küçəyə əzəmətli Cozef Haydının A Simfoniyası süzülürdü... Musiqinin hərarəti ilə addımlayır, haradasa-lap uzaqlarda məni gözləyən bir yerə tələsirdim.Yağış şiddətini artırır, musiqi akordları güclənərkən mənim ürək döyüntülərim də zirvələrə ucalırdı.Bu yol uzun müddət davam etdi.Sankı dəqiqələr əsrlərlə yarışırdı.Özümü dumana qarışıb qeyb olacaqmış kimi hiss edirdim.
       Mən kim idim, buraya nə üçün gəlmişdim?! Qarşıda ucalan hündür xarabalığa doğru üz tutdum.Arxaya baxmaqdan çəkinir, sinfoniyanın hər notuna qarışaraq böyük bir həyəcanla irəlləyirdim.
       Bu bina uşaqlıqdan diqqətimi çəkirdi, lakin haqqında müxtəlif söz-söhbətlər dolaşır, bir zamanlar dəri zöhrəvi xəstələrininin müalicə aldığı otaqlarında hələ də cüzam virusunun qaldığı söylənilirdi.İnsanlar uzun müddətdən bəri bura gəlib-getmədiyinə görə köhnə xəstəxana binası xarabalığa çevrilmiş, tavanından axan yağışlar onun taxtadan olan qırmızı pəncərələrini yöndəmsiz hala salmışdı.
      Cəsarətli addımlarla irəlləyib içəri daxil oldum.Təxminən əlli ilə yaxın bir müddətdir istifadəsiz qalmağına baxmayaraq dəhlizlərindən hələ də dərman qoxusu gəlirdi.Alaqaranlıq otaqlarında sankı həyat dayanmış, günəş şüaları yosun tutmuş divarlarına uzun illərdir qonaq gəlməmişdi.Əlbəttə, günəş axı heç vaxt cüzam xəstəliyindən əziyyət çəkməyib.
     Necədə köhnə və suludur taxta döşəmələri, sankı ayaq qoysan elə oradaca yerin tərkinı yuvarlanacaqsan.Qəribədir, məni belə bir yağışlı gündə bu qədər yollardan keçib bura gəlməyə vadar edən həqiqət hansı idi.Görəsən mən nə axtarırdım? Ya da itirmək istədiyim nə idi?! Qəlbimin kənarındakı uçurum bu dəfə bir çarəsiz yolçunun qəza yeri olacaqdımı, yoxsa ondan yan keçən bu təhlükə elə gəlib mənim özümü tapacaqdı?!
       Qismətim kimsəsiz sahillərdə azmaqdırmı, yoxsa kütlənin içində əriyib bir qar dənəsi kimi yox olmaq?Bir az daha addımladım...Bu dəfə o cəsarətlə deyil, qorxaqlıq və çarəsizliklə....Bayaq gözlərim önündə canlanan o sevimli mənzərə indi minlərlə insanın hayqırışları, ah-nalələrlə dolub daşırdı.
        Sankı II dünya müharibəsi illərində başqa xəstəxanalarda yer olmadığından bura gətirilmiş əsgərlərin ölümün pəncəsində aciz qamış ruhları hələ də bu baxımsız dəhlizlərin, sevgidən yoxsul divarların arası ilə dolaşır, küskün şəkildə ağlayırdılar. Onları görə, hiss edə bilirdim.Onların ağrılarını, sevdiklərinə qovuşma istəklərini qəlbimin içində hiss edə bilirdim.Ya mən fövqəltəbii idim, ya da onlar...Hələ də dəqiqləşdirməkdə aciz idi düşüncələrim.
         Əsas dəhlizin başında qapısı çoxdan korlanmış, ancaq digərlərindən fərqlənən qəribə bir otaq gördüm.Yavaş addımlarla ora yaxınlaşmağa başladım.Tavandan hələ də su damırdı.O döşəmənin çürümüş taxtaları arasından axıb gedir, bu acınacaqlı mənzərəni daha da vahilməli vəziyyətə salırdı.
        Otağa yaxınlaşıb qapının üstünü oxumağa çalışdım.Orada kiril əlifbasında anlamaqda çətinlik çəkdiyim nəsə yazı vardı. Cib fənərini çıxarıb, yandırdım.Əlimlə yazı tablosunun üstünü sildim.Orada belə yazılmışdı: "Giriş Qadağandır"
       Görünür ən problemli xəstələr bir zamanlar burada saxlanılırmış.Mən qismətə inanırdım.Əyər qismətimdə cüzəmdən ölmək vardısa, mən bu gün bura daxil olmasam da başqa bir yerdən bu xəstəliyə düçar olacaq, buna bənzər hansısa müasir bir xəstəxanada həyatımı itirəcəkdim.Yox əyər alnıma daha yaxşısı yazılıbsa buradakı heç bir xəstəlik mənə xələl yetirə bilməyəcəkdi.Odur ki, əlimi cərarətlə qapının dəstəyinə atdım.
       Bu vaxt arxadan bir səs ucaldı: Dayan...
          Shade Nagizade romanın III hissəsi          (Ardı var...)


6 yorum:

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...