27.03.2016
Yarımfabrikat (VI Hissə)
Aradan 20 gün keçdi...Günəş axşamçağı öz yeknəsək nəğmələrini söyləyərək buludların arasından süzülüb gedərkən yaşadığım kiçik şəhərin insanlarını qəribə bir hüznə bürüyürdü.Onların çoxu yorğun, səs-küylü iş gününün sonunda evlərində isti çay içmək, ailəsi ilə söhbətləşmək üçün tələsirdilər.
Mənsə hələ də bu qəribə şifrələrin nə olduğunu anlamaqda çətinlik çəkirdim. Evimizin yaxınlığından bir opera mügənnisinin həzin səsi gəlirdi...Santa Lucia...Santa Lucia..
Bu səs az qala şəhərin bütün küçələrinə yayılıb axşamım həzin abu-havasını şövqə gətirirdi. Və əlbəttə acı həqiqəti mənim üçüb təkrarlamaqdan artıqlamasıyla zövq alırdı.Bəlkə də nahaq yerə əsəbləşirdim o sadəcə qarşısına çıxan hər insanla əylənən, onların hislərinə hörmət etməyən vecsiz bir adam idi.Dəqiqələr saatın əqrəblərindən süzülüb əbədiyyətə qovuşur, şifrələrsə hələ də sırrı açılmamış olaraq qalırdı. Kim idi bu qəribə adam?Məndən nə istəyirdi?Onu təkrar görə biləcəkdimmi, yaxud nə vaxtsa səsini eşitmək mənə qismət olacaqdımı? Hər nə olursa olsun, onu yenidən görmək mümkün olarsa mütləq bütün suallarıma cavab alacağıma dair özümə söz vermişdim.
Əzilmiş vərəq parçası hələ də otağımdakı taxta masanın üstündə idi.Onu hər dəfə görəndə o möhtəşəm gün yadıma düşüb, məni gülümsəməyə vadar edirdi.
Əyər çoxlu dostlarım olsaydı, onlarla görüşüb bu yazıların sirrini daha rahatlıqla aça bilərdim. Fəqət əfsuslar olsun ki, Afa getdikdən sonra könül bağçama çox az insan öz ayaq izlərini sala bilmişdi.
Onlardan biri zarafatcıl dostum Səfadır.Səfa görünüşcə qaraşın, orta boylu və çox baxımlı biridir, xasiyyətcə isə şən, yardımsevər və düşüncəlidir. Onunla bir qış günü anamın məni məcburən göndərdiyi karnavalda tanış olmuşdum. Son illərə qədər möhkəm dostluğumuz vardı.Doğrusu ad günümdə mənə öz sevgi hislərini etiraf edərək bütün işləri korlamasaydı bu dostluq hələ də davam edəcəkdi.
O özü də çox yaxşı bilirdi ki, bu mümkün olan şey deyil.Mən Səfanı bir dost, bir qardaş kimi sevirdim.Ona qarşı bəslədiyim hislər əsla yön dəyişdirə bilməzdi. Onunla hər şeyimi bölüşə, uzaq diyarlara səyahət edə bilərdim, ancaq əsla ona ehtirasla baxa bilməz, onu bir sevgili çılğınlığı ilə arzulaya bilməzdim.Bu səbəbdən yaxın dostumla tamamiylə əlaqəmi kəsməyə məcbur qalmışdım. Bu hadisə məni kədərləndirsə də əlimdən gələn başqa heç bir şey yox idi. Çünki Afa ilə günlərin birində söhbət edərkən onu kəşf etmişdik ki, insan yalnız sevgi ilə bağlı olduğu birinə deyil, həm də ehtirasla bağlı olduğu birinə sevgili deyə bilər. Əgər mənim ona olan hislərim müəyyən sərhədlər çərçivəsindədirsə, o zaman əsla bizim mühasibətlərimiz fərqli istiqamətlərə doğru irəlləyə bilməzdi.
Digər dostuma gəlincə onun adı Əzizədir.Əzizə xaraktercə çox güclü, həyatın çətinliklərinə sinə gərmiş sərt baxışlı bir qadındır.22 yaşında olmasına baxmayaraq haradan baxsan ona ən azı 29-30 yaş vermək olar.Çətin həyat tarixçəsi olan bu qızla marketdə çox qəribə təsadüf sayəsində qarşılaşıb, dostlaşmışdıq. Yaxın dost olsaq da bəzən çəkindiyimdən bir çox hislərimi onunla bölüşə bilmirdim.Əzizə səbrli görünməyinə baxmayaraq sərt təbiəti ruhunda olan azacıq mülayimliyi də söküb yerindən qoparırdı. Əfşan Əzimzadə qədər ruhuma yaxın olmasa da onunla da az-çox maraqlı günlər yaşamışdıq.
Sonra o evlənib İstanbula köçdü.Düz 4 aydır haqqında heç bir məlumat ala bilmirəm.Deyilənlərə görə bu yaxınlarda oğlu dünyaya gələcək.Onun üçün dua etməkdən başqa əlimdən heç nə gəlmir...
İndi isə mən şifrələr qarşısında tək-tənhayam.Nə Səfa, nə Əzizə, nə də uşaqlıq dostum Afa buradadır.Əgər dərdimi Şəfəqlə bölüşməyə cəhd etsəm, o sadəcə mənə qeyri-ciddi cavablar verərək gülümsəyib aradan çıxacaqdır.Qəribədir, Şəfəqlə bacı olsaq da aramızda yerlə-göy qədər fərq var.
O sarışındır, mənsə qaraşın.O istiqanlıdır, mənsə qaraqabaq.Onu hər kəs sevir, məni isə yalnız anlaya bilənlər.Aramızda iki yaş fərq olmasına baxmayaraq sanki o məndən bir yaş böyükdür və bir çox şeyləri vaxtından əvvəl idarə etməyə başlamışdır.
Qəribəsi burasındadır ki, hansı işdə olursa olsun heç fərq etməz, mən addımlarımı saymağa başlayanda o artıq "finish" xəttində olur.
Şəfəqlə dəfələrlə dostlaşmaq istəsəm də bunun qeyri-mümkün olduğunu anlamışam.Odur ki, qarşıma çıxan bu çətin tapmacanın açmasını, eynən məktəb illərimdəki kimi tamamiylə tək-tənha tapmalı idim...
Bu düşüncələrlə əlimi masanın üzərinə gəzdirib əzilib keyfiyyətdən düşmüş vərəqi əlimə aldım."Ax, Azad Salmanov sən məni necə bir oyunun içinə çəkmisən?!"
"BML- 170414-1704"...Bu nə deməkdir axı?!Birdən birə eynən həmin gün olduğu kimi, gözlərim qaranlıqlaşdı. Hərflər rəqəmlərin içində itib batmağa, məni haradasa lap uzaqlara aparmağa başladı.Aman Tanrım, axı bu "L" deyil, "Z" hərfidir... Bu ola bilməz, mən nə üçün axı neçə gündür vərəqə baxmaq yerinə əzbərlədiyim şifrələr haqqında düşünürəm?!Necə də axmağam.
"BMZ"...Birdən birə həyəcanım artmağa başladı, fikirlər beynimdən buxarlanıb uçur, içimdə sunamilər, fırtınalar baş qaldırırdı."BMZ"...Mən onun hansı məna verdiyini çox yaxşı bilirəm.Bu yaşadığım evdən təxminən dörd tinlik məsafədə yerləşən köhnə bir fabrikin qalıqlarıdır.Uzun illərdir qapıları bağlanmış bu yerdə bizim babalarımız işləyirdilər.Günlərin birində sərinləşdirici alətin hissələrindən birini istehsal edən böyük dəzgahlardan bir neçəsində pozulmalar baş vermiş, bu da bədbəxt hadisələrin yaşanmasına səbəb olmuşdur. O gündən bəri fabrik istehsalı dayandırmış və qapıları möhürlənmişdir...
Mən uşaq olanda bu tünd qırmızı dəmir qalıqlarını, insanı vahiməyə salan fabrik binasını görəndə vəlvələyə düşür, orada hansısa qeyri-adi varlıqların yaşadığına inanırdım.Bir axşam evdən qaçıb oranı gəzmək, içimi didib-parçalayan həqiqətləri öyrənmək istəyirdim.Lakin o qədər cəsarətsiz idim ki, bir dost köməyinə, ehtiyac duyduğumu heç kimə deyə bilmirdim.İllər keçsə, mən böyüsəm də hələ də bu yer öz vahiməsini qoruyub saxlamaqda idi.
İndi bu yazını görəndə sanki görünməz bir əl arzularımı diriltmiş, məni həqiqətdə olduğum insana bir az daha yaxınlaşdırmağa müvəffəq olmuşdu.Bu əl Araz Salmanovun əli idi.Demək bu rəqəmlər də ayın tarixinə və saata işarədir. 170414-1704...Bu o deməkdir ki, Azad Salmanov aprelin 17-si saat 17:04-də məni BMZ-nin köhnə qalıqları arasına gözləyəcəkdir...
Sevinc və həyəcan hislərim bir-birinə qarışmışdı, onu yenidən görə biləcək və ürəyimdə bu qədər vaxtdır yığılıb qalmış bütün sözləri ona rahatlıqla deyə biləcəkdim.Bu hislər mənim ayın tarixinə nəzər salmağımla birdən-birə daha fərqli hal almağa başladı.Bu gün ayın 17-sidir.Saat isə 16:55...
Deməli mənim ora getmək üçün cəmi 9 dəqiqəm vardı. Tələsik gödəkçəmi əynimə keçirdib anama mütləq mağazaya getməli olduğumu deyərək evdən çıxdım.
Yollar ayaqlarım altından qaçırdı, həyəcandan nəfəsim kəsilir, külək gödəkçəmin ətəklərini sağa-sola sovururdu.Mən qaçırdım, tənginəfəs və ümidlə...Mən sirrə, uşaqlıq arzularıma, musiqiyə doğru qaçırdım. Lakin zaman məndən daha tələsik irəlləyir, saniyələr dəqiqələri sürətlə təqib edirdi...
Və nəhayət o möhtəşəm bina görünməyə başladı.Qarşımda uzanan geniş yolu keçdikdən sonra qapıya doğru böyük həyəcan və dəli kimi maraqla addımladım.Yeriyərkən məğrur idim, qorxaq və cəsarətsiz deyildim...Orada məni nələrin gözlədiyindən zərrə qədər çəkinmir, iddialı duruşumla həyəcanıma qalib gəlməyə çalışırdım.Nəhayət dərin nəfəs alaraq qapının dəstəyindən yapışdım.Onu özümə tərəf çəkib içəri boylandım.
Bura təsəvvür etdiyimdən də vahiməli və qaranlıq idi.Cəsarətimi toplayıb içəri daxil oldum.Yaşı təxminən 60-a yaxın olan bu fabrikin hündür tavanı sanki nəmdən qabarmış və az sona uçulub töküləcəkdi.Enli dəhlizdə uzanan sütunlar tavanın əzəmətini artırır, içəridən gələn qəribə nəm ətri və toz qoxusu isə bura illərdir insan ayağının dəymədiyini sübut edirdi.
Bu yer necə də əzəmətli bir yer imiş...Bir az irəli getdikcə qarşıma otaqlar çıxmağa başladı, qapıların hər biri fərqli rənglərdə idilər.Döşəməyə isə şüşə qırıntıları səpələnmişdi.Divarların aşağı hissəsi yosunla örtülmüş, elektrik sistemi ötən əsrin sonlarında sırada çıxmışdı.Mən ətrafa diqqətlə baxır, başıma nəyin gələcəyini təsəvvür etməyə çalışırdım.Divarlara toxunub solmuş, əriyib yoxa çıxmış xatirələri canlandırır, onları ruhumun dərinlərində hiss edirdim.
Bir müddət getdikdən sonra dəhliz 2 yerə, sol və sağ dəhlizə ayrıldı. Mən hər zaman olduğu kimi solu seçdim. Sol sevgini təmsil edir, ruhu və azadlığı ifadə edirdi.Ora doğru addımlamağa başlayanda birdən arxadan səs gəldi:
- Buranın bir zamanlar həbsxana olaraq fəaliyyət göstərdiyini bilirsənmi?
Bu tanış səsi eşidən kimi üzümdə ani bir təbəssüm yarandı, eyni anda qəlbim həyəcanla döyündü.Geriyə boylanıb o möhtəşəm mənzərəni bir daha görmək üçün baxdım.
Lakin bu dəfə gördüyüm mənzərə tamam fərqli idi.O müasir geyimdə gəlmişdi və gözündə olduqca qəribə bir eynək vardı.Ona tərəf addımlayaraq düz qarşısında dayandım.Eynəyini çıxartıb təzim etdi və dedi:
-Xoş gördük, Tonika.
Onun üzündə heç yerdə görmədiyim şeytani bir ifadə vardı.Sanki vampir ya da, dəfələrlə insanları soyuqqanlılıqla öldürmüş bir qatil idi. Lakin bu ifadə onu daha da cazibədar və sirli göstərirdi.Başımı ona doğru uzadıb Azadı salamladım...Və o an ona verəcəyim sualların bir qismi ağlımdan yavaş-yavaş silinməyə başladı...O cəld addımlarla sağ tərəfimə keçib, mənə istiqaməti göstərdi və biz yavaş-yavaş addımlamağa başladıq.
- Tonika, doğrusu gələcəyini düşünmürdüm.
- Bəs o zaman o şifrəni mənə nə üçün vermişdiniz?
- Hansı şifrəni nəzərdə tutursunuz? Mən ki, orada
kifayət qədər doğru və düzgün şəkildə bir ünvan və
tarix göstərmişdim.
- Bəli, doğrudur...Amma...
- Xahiş edirəm cümləni tamamlayın.
- Xeyr, yaxşısı unudun getsin.
- Yaxşı, necə məsləhətdir.
- Lakin mən bilmək istəyirəm ki, məni nə üçün
buraya çağırmısınız?
- Mən cüzam xəstəliyindən əziyyət çəkirəm...
O hələ cümləni tamamlamamış ikimiz də yüksək səslə gülməyə başladıq.Artıq anlayırdım ki, onun zarafatları heç vaxt bitib tükənməyəcək məni xəstələndirib öldürməyənə qədər, xəstəliyindən əl çəkməyəcəkdir.
Biz dəhlizin sonundakı qapıya tərəf addımlayıb ehtiyyatla onu açdıq.Orada bir necə dəmir alət, üstünü toz basmış qəribə bir masa və divardan asılmış ağ xalat vardı.Tavandan hörümçək torları sallanmış, və dar pəncərələrdən otağa birtəhər günəş şüaları sızmağı bacarmışdı...Ətrafa bir az baxıb, növbəti qapını açdıq.Bu qapı geniş və gözəl olan bir bağçaya açılırdı. Lakin baxça baxımsızlıqdan quruyub tökülmüş budaqlar və yöndəmsiz kollarla dolu idi.Biz həyətə enib ağacların arası ilə yeriməyə başladıq.
- Bəzi insanlar düşünür ki, belə yerlərin zirzəmiləri
edam olunmuş məhbusların skletləri ilə doludur.
- Məyər, onları basdırmırlar?
- Tonika, insanlar qəribədirlər, onları anlamaq
olmur.
- Anlamaq demişkən, məni buraya nə üçün
çağırmısan?
- Mənimlə gəlmək istəyəcəyini düşündüm.
- Bəs burada bizim nə işimiz var?
- Çünki sən də mənə bənzəyirsən...
O an mən bir qədər qızardım.İnsan öz bənzərini haradasa adi bir baxışdan tanıya bilir.Eynən mən onu gördüyümdə hər şeyi anladığım kimi.Ətrafa bir qədər süküt çökdü.Sonra o əli ilə qarşıdakı ikinci binanı göstərib dedi:
- Deyilənlərə görə ən təhlükəli cinayətkarları sırf
bu binada saxlayırdılar. Sonralarsa bu binanı
yarımfabrikatların hazırlanması üçün istifadə
etməyə başladılar.
- Yarımfabrikat?
- Bəli...Yarımfabrikat, sonradan işlənib
hazırlanmağa ehtiyacı olan məmulat
deməkdir.Yəni yarımhazır olan məhsul...Eynən
mənim kimi....
- Necə yəni?
Bu vaxt fabrikin içərisindən qəribə bir uğultu səsi gəldi..İkimiz də yerimizdə donub qaldıq...
Kaydol:
Kayıt Yorumları (Atom)

Xanım salam Blogunuza qüvvət. Mən xanım bloggerlər haqqında blog yazıram. İmkan olsaydı mənlə əlaqə saxlayardız. xanim2004@mail.ru
YanıtlaSilBu yorum yazar tarafından silindi.
SilSalam Təşəkkür edirəm, olar əlbəttə ki :)
YanıtlaSilBu yorum yazar tarafından silindi.
YanıtlaSil